Hərbi cinayətlərə görə Rusiya üzrə xüsusi tribunal yaradılır

 09:49 02.07.2023     934

ATƏT Parlament Assambleyasının (PA) plenar iclasında Rusiya Federasiyasının Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün xüsusi tribunalın yaradılması haqqında qətnamə qəbul edilib.

Redaktor.az “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

Deputat onu da diqqətə çatdırıb ki, beynəlxalq sənəddə ilk dəfə olaraq Rusiya Federasiyasının dövlət ideologiyası millətçi kimi qeyd olunur.

“Nəhayət, qətnamə Rusiya məmurlarını məsuliyyətə cəlb etmək üçün Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyir, həmçinin Rusiya dövlətinin irqçilik ideologiyasını pisləməyə çağırır”, - o qeyd edib.

ATƏT PA bu qətnamədə həmçinin yalnız Rusiya parlamentarilərinə viza qadağasını dəstəkləyən ölkələrdə nizamnamə iclaslarının çağırılmasını tələb edib.

Eyni zamanda, ATƏT PA Rusiya Federasiyası vətəndaşlarına viza verməyə hazır olan ölkələrdə öz iclaslarını keçirməyəcək.

Qətnamədə müharibəni dəstəkləyən rusiyalı parlamentarilərin hərbi əməliyyatlar bitənə qədər Assambleyada məsul vəzifələrə təyin edilməməsinə çağırış var.

Həmçinin, Assambleyanın Daimi Komitəsi Rusiya Federasiyasının tammiqyaslı müharibəsi ilə bağlı geniş spektrli məsələlər üzrə parlamentarilər arasında məsləhətləşmələri daha yaxşı əlaqələndirmək, Ukrayna xalqına yardım göstərmək üçün bu ölkənin parlamentinə Dəstək üzrə Xüsusi Komitənin yaradılması qərarını dəstəkləyib.