Bu ölkə Ukraynadan olan qaçqınlara 590 milyon avro yardım edib

 11:55 02.07.2023     360

2022-ci ildə Çex Respublikası ukraynalı qaçqınların respublikada qalmasını təmin etmək üçün 14 milyard kron (təxminən 590 milyon avro) ayırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü CTK xəbər agentliyi respublikanın xarici işlər naziri Yan Lipavskiyə istinadən məlumat yayıb.

Vəsait ukraynalı qaçqınların respublikada qalmasını təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, agentliyin məlumatına görə, Çex Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə Ukraynadakı hərbi münaqişənin qurbanları ilə bağlı əlavə 27 humanitar layihənin həyata keçirilməsi üçün 193 milyon kron (təxminən 8,2 milyon avro) ayrılıb. Onlardan 6-sı Moldovada ukraynalı qaçqınları dəstəkləmək üçün, qalanları isə Ukraynanın hərbi əməliyyatlardan təsirlənməyən ərazilərində münaqişədən qaçanlara göndərilib.

Agentliyin məlumatına görə, ukraynalı qaçqınlara yardım üçün vəsait Çex Xarici İşlər Nazirliyi ilə yanaşı, respublikanın digər nazirlikləri və idarələri vasitəsilə də ayrılıb və ayrılır. Ölkənin humanitar təşkilatları da münaqişədən zərər çəkənlərə fəal şəkildə yardım edir. CTK xatırladıb ki, Çexiyada, digər məsələlərlə yanaşı, Ukraynaya üç illik hökumət yardım proqramı mövcuddur ki, ona əsasən, 2023-cü ildən 2025-ci ilə qədər bu ölkəyə hər il 500 milyon kron (təxminən 21,5 milyon avro) həcmində yardım göstəriləcək.

Ümumilikdə, 2022-ci ildə Çexiya Aİ üzvü olmayan üçüncü ölkələrə inkişaf yardımı olaraq 20,86 milyard kron (təxminən 878 milyon avro) göndərib. 2021-ci illə müqayisədə bu dəstək 12 milyard kron (təxminən 505 milyon avro) artıb. Bu, Ukrayna hadisələri ilə bağlıdır. Respublikanın dəstəklədiyi ölkələr arasında Bosniya və Herseqovina, Efiopiya, Gürcüstan, Kamboca, Moldova və Zimbabve var. Türkiyədəki suriyalı qaçqınlar da 2022-ci ildə vəsait əldə ediblər.

Turan İSMAYIL