Ukrayna münaqişə bitdikdən sonra NATO-ya üzv ola biləcək - Mayk Pens
Vilnüsdə keçiriləcək sammitdə (11-12 iyul) Kiyevə Ukraynadakı münaqişə başa çatdıqdan sonra NATO-ya üzv olmaq təklif oluna bilər.
Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini irəli sürən keçmiş vitse-prezident Mayk Pens CBS telekanalında bildirib.
“İnanmağa əsasım var ki, NATO bir neçə həftədən sonra Vilnüsdə toplaşanda prezident Zelenski NATO-ya üzv olmaq üçün şərti dəvətə açıq olacaq, o, Ukraynanın müharibə bitəndə, müharibədə qalib gələndə NATO-ya üzv olacağını söyləyəcək".
Pens ABŞ əsgərlərinin Ukraynaya göndərilməsinə qarşı olduğunu təsdiqləyib və qeyd edib ki, Pensin iyunun 29-da Kiyevdə görüşdüyü Volodimir Zelenski onu əmin edib ki, Kiyev ABŞ əsgərlərinin münaqişədə iştirakına ümid etmir. Keçmiş vitse-prezident hesab edir ki, Vaşinqton Ukraynanı hərbi təchizatla təmin etməkdə davam etməlidir. Lakin onun fikrincə, ABŞ administrasiyası bunu kifayət qədər tez etmir.
"Onlar yanvarda 33 "Abrams" tankı vəd etmişdilər. İndi onlara deyirlər ki, ən yaxşı halda bu, sentyabrda baş verəcək. Biz hələ də onlara F-16-lar verilməsini gecikdiririk", - Pens bildirib. O, ABŞ-ın prezidentliyinə keçsə, Ukrayna Silahlı Qüvvələrinə ATACMS taktiki ballistik raketləri də daxil olmaqla, “Rusiyaya zərbələr endirməyə imkan verəcək raketlərin” tədarükünə razılıq verərdimi sualına birbaşa cavab verməyib.
Turan İSMAYIL