İrqçi və aciz Makron -ŞƏRH

 16:33 03.07.2023     292

Fransız xalqı heç də həmişə kef eləmir, yaxud fransız xalqı kef eləmək üçün daima mübarizə aparıb.

Deməli, iyunun 27-də 17 yaşlı əlcəzairli Nael Fransanın Nanter şəhərində polis əməkdaşı tərəfindən irqi ayrı-seçkilik nəticəsində qətlə yetirilib. Bu, Fransada ilk hadisə deyil, 2023-cü ildə yol polisinin öldürdüyü ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. Hazırda aksiyalar davam edir. Bu, Fransa vətəndaşlarının aparteidə qarşı mübarizəsidir. Bir zamanlar Fransanın müstəmləkəsi olmuş Afrika və Asiya ölkələrindəki irqi ayrı-seçkiliyə qarşı mübarizə indi də ölkənin daxilində aparılır. Bu hadisə istər-istəməz azadlıqlar uğrunda mübarizə aparan fransalılara rəğbət yaradır. Onların mübarizəsi artıq İsveçrədə də dəstəklənir. Bu həm də Avropada açıq və gizli davam edən dini, etnik ayrı-seçkiliyə qarşı mübarizədir. Başqa sözlə, Fransa xalqı bununla bütövlükdə Avropadakı neofaşizmə və aparteidə qarşı mübarizə aparır. Nəzərə almaq lazımdır ki, Fransa Avropa İttifaqının aparıcı dövlətidir.

Əslində, Nanter şəhəri 55 il öncə də ayrı-seçkiliyə qarşı mübarizəyə şahidlik edib. 1968-ci ilin mayında tələbələrin etiraz aksiyası inqilaba bərabər bir hərəkat olub. Həmin dövrdə diktator, İkinci Dünya müharibəsi qəhrəmanlarından sayılan general Şarl de Qoll prezident idi. Həmin illərdə tələbə oğlanlara qız həmkarlarının yataqxanasına getmək qadağan olunmuşdu. Onda bir qrup oğlan qız tələbə yoldaşlarının yataqxanasına gedib. Nanterdəki kişi və qadın yataqxanalarına yalnız uyğun cinsin nümayəndələri gedə bilərdi. Bu qadağa etiraz aksiyalarının başlamasına təkan verdi. Tələbələr yaşayış şəraitindən, universitetin vəziyyətindən razı deyildi. Onlar tədris metodlarını bəyənmirdilər, bir çox fransız gənc mühazirələrdə Marks və Sartrı öyrənmək istəyirdi. Ancaq yataqxana hadisəsi etirazlar üçün qığılcım oldu. Şarl de Qoll tələbələrin etirazını əhəmiyyətsiz saydı. Bu hadisələr isə mayın 1-də “Qırmızı may”ın başlamasına səbəb oldu.

Fransa Milli Tələbə İttifaqı kütləvi tətilə çağırış etdi. Mayın 1-də 40 saatlıq iş həftəsi və başqa güzəştlər tələbilə 100 000 tələbə, habelə müəllim və professor Paris küçələrinə çıxdı. Mayın 2-də Nanterdə fakültənin dekanı dərslərin dayandırıldığını və tətilçilərin lideri Daniel Kon-Benditin qovulduğunu elan etdi. Tələbələr bundan sonra da etiraz aksiyasını keçirməkdən çəkinməyərək Sorbonna Universitetinə getdilər. Ali təhsil müəssisəsinin rektoru polis çağırdı və onlar da etirazçılara qarşı dəyənək, gözyaşardıcı qaz tətbiq etdilər və s. Bu da Repressiyaya Qarşı Müdafiə Komitəsinin yaranması ilə nəticələndi.

Şarl de Qoll tələbələrin etiraz aksiyasının mahiyyətini başa düşmək istəmirdi, əslində nümayişlər onu qıcıqlandırırdı. Ona görə də nümayişlərin qarşısını güc tətbiqi ilə almağa çalışırdı. Həmin il mayın 20-də Fransada 10 milyondan çox insan tətil edib. Tələbələr “Qadağalar, qadağan edilir!”, “Realist olun, mümkünsüz olanı tələb edin!”, “Universitet tələbələrə, zavodlar fəhlələrə, radio jurnalistlərə, hakimiyyət hamıya!”, “De Qolla əlvida!” və başqa şüarlar irəli sürürdülər. 1968-cı ildə başlayan etiraz aksiyası 1969-cu il aprelin 27-də Fransa konstitusiyasında, Senat və regionların idarə edilməsində islahatların keçirilməsi ilə nəticələndi. Aprelin 28-də isə Şarl de Qoll istefa verdi. Tələbələrin qadağalara qarşı başladığı hərəkat diktatorun 10 illik hakimiyyətinə son qoydu.

Fransa tarixi xalqın hüquqlarının müdafiəsi, demokratiya və azadlıq uğrunda mübarizə tarixi ilə zəngindir. 1789-1875-ci illərdə baş vermiş inqilablar, hakimiyyət çevrilişləri, qiyam, müharibə və başqalarını xatırlamaq kifayətdir. Məsələn, 1789-1791-ci illərdə Böyük Fransa inqilabı və konstitusiyalı monarxiyanın qurulması, 1791-1793-cü illərdə kralın edamı və respublikanın qurulması, 1799-1814-cü illərdə Napoleonun devrilməsi və imperiyanın qurulması və s. yada salmaq olar. 1789-cu il iyulun 14-də, 234 il əvvəl isə kral XVI Lüdovikin qoşununun yerləşdiyi Bastiliya qalasının alındığı gündür. Bu hadisə Fransa xalqının kralın ikiüzlü siyasətinə və Parisin çörəklə təchizatının pisləşməsinə etiraz nəticəsində baş vermişdi. Bastiliya qalası kral tiraniyasının simvolu idi. Fransalılar bu qalanı mübarizə və qanları bahasına ələ keçirmişdilər. Ona görə də həmin gün Fransada Milli Bayram kimi qeyd edilir.

Nəhayət, Fransa xalqının tarixi mübarizə, qələbə, məğlubiyyət, yenidən mübarizə, uğurlarla doludur. Bu, indi də davam edir. Şarl de Qollun qarşısını ala bilmədiyi bu mübarizənin qarşısında Prezident Emmanuel Makron və onun irqçi polisi aciz görünür. Fransa xalqının mübarizəsinin Avropa İttifaqında və dünyanın müxtəlif bölgələrində baş qaldıran irqçi, faşist düşüncənin, əməllərin qarşısını alacağı ilə yekunlaşacağı istisna deyil. Avropada, o cümlədən Fransadakı hakimiyyət bu kimi cinayətləri adətən “azadlıqlar"la ört-basdır etməyə səy göstərir. Ehtimal edək ki, hərəkat irqçiliyə qarşı yeni mübarizə üsulları və qanunların hazırlanması ilə yekunlaşacaq, “Fransa xalqı yenidən kef edəcək”.