"Hər kəs anlamalıdır ki, terrorçuları dəstəkləməklə bizim dostluğumuz qazanıla bilməz"

 21:03 03.07.2023     328

Türkiyənin İsveçin NATO-ya daxil olmaq üçün tələblərini yerinə yetirməsi zərurəti ilə bağlı mövqeyi dəyişməyib.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.

"Stokholmdakı hadisələrə (Quran yandırılması ilə bağlı aksiyaya - red.) açıq reaksiya verdik. Hər kəs anlamalıdır ki, terrorçuları dəstəkləməklə, onlara mərkəzi küçə və prospektləri verməklə bizim dostluğumuz qazanıla bilməz. Bizim mövqeyimiz, gözləntilərimiz və bizə verilən vədlər məlumdur, biz bir il əvvəl olduğu kimi eyni prinsiplər üzərində dayanırıq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə liderinin bəyanatı yerli telekanallar tərəfindən yayımlanıb.

Xatırladaq ki, ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti ilə Finlandiya prezidenti Sauli Niinistö, İsveçin o vaxtkı baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub. Eyni zamanda o, Stokholmdan terrorizmlə mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarını yerinə yetirməsini tələb edərək, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiq etməyib.

Ankara PKK terror təşkilatı tərəfdarlarının İsveçdə davam edən aksiyalarına, eləcə də Quranın yandırılması ilə bağlı aksiyalara görə Stokholmu sərt şəkildə tənqid edir.

Turan İSMAYIL