Zelenski Saakaşviliyə görə həyəcan təbili çaldı: "Rusiya onu Gürcüstan hakimiyyətinin əli ilə öldürür”

 21:21 03.07.2023     332

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətindən narahatdır. O, Gürcüstan səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda məlumat yayıb.

Zelenski yazıb: “Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür”.

O xatırladıb ki, ölkəsi dəfələrlə Gürcüstan hakimiyyətini Saakaşvilini ələ salmağı dayandırmağa və onu Ukraynaya qaytarmağa çağırıb.

"Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazımı bildirməyi və paytaxtı ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etməyi tapşırdım", - prezident əlavə edib.

O qeyd edib ki, bir daha Gürcüstan hakimiyyətini Saakaşvilini lazımi müalicə üçün Ukraynaya köçürməyə çağırır. Dövlət başçısı həm də tərəfdaşlarını Gürcüstanın keçmiş prezidentinin həyatını xilas etməyə çağırıb.

"Avropada heç bir gücün insanları edam etmək hüququ yoxdur, həyat əsas Avropa dəyəridir", - Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün, iyulun 3-də Saakaşvili onlayn formatda uzun fasilədən sonra ilk dəfə məhkəmə iclasında iştirak edib. O, xəstəxanada olduğu müddətdə nə qədər arıqladığını nümayiş etdirib.

Gürcüstanın keçmiş prezidenti yerli hüquq-mühafizə orqanları tərəfindən hələ 2021-ci ilin oktyabrında saxlanılıb. Səbəb isə onun qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olan “vəzifə səlahiyyətlərindən sui-istifadə və siyasi opponentlərin təqibi” olub.

Saakaşvili həbsdə olduğu müddətdə 8 dəfə aclıq aksiyası keçirib. Bunun fonunda o, hazırda olduğu yerli klinikada xəstəxanaya yerləşdirilib.

Turan İSMAYIL