Fələstin İsraillə əlaqəni kəsir

 23:17 03.07.2023     411

Fələstin Administrasiyasının rəhbərliyi bu gün İsrail hakimiyyəti ilə bütün təmasları dayandırmaq və tərəflərin təhlükəsizlik fəaliyyətlərini əlaqələndirdiyi əraziləri daha da azaltmaq qərarına gəlib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində fövqəladə iclasda qəbul edilmiş sənəddə deyilir.

“Görüşdə İsrail tərəfi ilə bütün təmasların və görüşlərin dayandırılması və təhlükəsizlik sahəsində koordinasiya səviyyəsinin daha da azaldılması qərara alınıb”, - deyə sənəddə qeyd olunub.

Fələstin rəhbərliyinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeynanın qeyd edib ki, İsrail Aqaba və Şarm əl-Şeyxdə keçirilən görüşlərdə qəbul edilmiş koordinasiya sazişlərinə əməl etmədiyi üçün fələstinlilər bu razılaşmaların faydasız olduğunu və artıq mövcud olmadığını bəyan edirlər. 

Muxtariyyət rəhbərliyi həmçinin Fələstin xalqının beynəlxalq müdafiəsi haqqında qətnamənin yerinə yetirilməsi tələbi ilə dərhal BMT Təhlükəsizlik Şurasına müraciət etmək və Beynəlxalq Cinayət Məhkəməsini təqdim edilmiş işlər üzrə qərarların qəbulunu sürətləndirməyə çağırmaq qərarına gəlib.

Ramallahdakı görüş bazar ertəsi gecə İsrail Silahlı Qüvvələrinin Cenin şəhərində və ona bitişik Fələstin qaçqın düşərgəsində genişmiqyaslı əməliyyata başlamasından sonra baş tutub.

İsrailin "Kan" radiostansiyasının məlumatına görə, əməliyyatın məqsədi İordan çayının qərb sahilinin şimal hissəsində radikallara qarşı "İsrailin çəkindirmə gücünü bərpa etmək"dir.

Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Cenində keçirdiyi xüsusi əməliyyat nəticəsində 8 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb, onlardan ən azı 10-nun vəziyyəti ağırdır.

Həmidə İBRAHİMLİ