İsrail öz hərbçilərini fələstinli qaçqın düşərgəsindən çıxarmağa başladı

 23:51 04.07.2023     442

İsrail ordusu bu gün axşam saatlarında İordan çayının qərb sahilindəki Cenin fələstinli qaçqın düşərgəsindən birliklərini geri çəkməyə başlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, Cenindəki bu ərazidə son ana qədər silahlı terrorçularla İsrail hərbçiləri arasında atışma səngiməyib. "Kan" qeyd edir ki, İsrail əməliyyatı başa çatmaq üzrədir, lakin Cenində hələ də bir neçə yüz silahlı radikal qalır.

Xatırladaq ki, İsrail qüvvələri dünən gecə Cenində və ona bitişik Fələstin qaçqın düşərgəsində genişmiqyaslı əməliyyata başlayıb. Bu gün İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, hərbçilər iki günlük əməliyyatla Fələstin şəhərindəki "terror istehsalı sahəsinə" son qoyublar.

Məqsədlərin həyata keçirilməsindən sonra Cenində hazırkı əməliyyatın gözlənilən tamamlanmasını yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu da açıqlayıb. O, İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə baş çəkərkən deyib: “Biz məqsədlərə (Cenindəki hazırkı əməliyyat -red) nail olmağı başa çatdırırıq və deyə bilərəm ki, Cenindəki genişmiqyaslı əməliyyatımız birdəfəlik tədbir deyil”. 

İsrail Müdafiə Qüvvələri sonuncu dəfə iyunun 19-da Cenində genişmiqyaslı əməliyyat keçirib. Daha sonra şəhərdə keçirilən reyddə məqsəd axtarışda olan şəxslərin tutulması olub.

10 aprel 2022-ci il tarixindən etibarən İsrailin təhlükəsizlik qüvvələri İsrail şəhərlərində silsilə terror aktlarından sonra İordan çayının qərb sahilində antiterror əməliyyatları və reydlər keçirir.

Turan İSMAYIL