Bu ölkədə məktəblilərə mobil telefon və smart saatlardan istifadə qadağan ediləcək

 09:17 05.07.2023     392

İyulun 4-də Niderland hökuməti texnologiyanın dərsləri pozmasını dayandırmaq üçün sinif otaqlarında mobil telefonları qadağan edəcəyini bəyan edib.

Redaktor.az-ın "The Star"a istinadla məlumatına görə, təhsil naziri Robbert Dijkgraaf bildirib ki, mobil telefonlar, planşetlər və ağıllı saatlar tələbələrin öyrənməsinə mane olur və gələn ildən dərsə buraxılmayacaq.

"Cib telefonlarının dərs zamanı zərərli təsir göstərdiyinə dair sübutlar artır. Şagirdlər daha az diqqəti cəmləyir və performansları pisləşir. Bu səbəbdən 2024-cü il yanvarın 1-dən mobil telefonlar, planşetlər və smart saatlar artıq sinif otaqlarına buraxılmayacaq” - nazir deyib.

Hökumət məktəb rəhbərliyindən daxili qaydaları müəllimlər, valideynlər və şagirdlərlə oktyabr ayına qədər razılaşdırmağı xahiş edib.

Təhsil naziri parlamentə bu addımın "mədəni transformasiyaya" səbəb olacağına və öyrənməni yaxşılaşdıracağına ümid etdiyini söyləyib.

Turan İSMAYIL