Rusiyanın iki məşhur generalı haradadır?

 11:26 05.07.2023     313

23-24 iyun 2023-cü il tarixlərində Rusiyada "Vaqner"in üsyan cəhdindən sonra iki rus generalı ictimaiyyət qarşısında görünməyi dayandırıb.

Rusiya Aerokosmik Qüvvələrinin komandanı, general Sergey Surovikin həmin hadisələrdən sonra gözdən itib, müdafiə nazirinin müavini, general-polkovnik Yunus-bek Yevkurov isə iyulun 3-də nazirlik rəhbərinin televiziya çıxışında "görünüb".

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi bu barədə kəşfiyyat məlumatlarına istinadən qeyd edir.

"Surovikinin həbsi ilə bağlı xəbərləri təsdiqləmək mümkün deyil, lakin hakimiyyət onun 2017-ci ildən Suriyadakı xidmətindən başlayaraq "Vaqner"lə uzun müddət əməkdaşlıq etməsindən şübhələnir", - Britaniya kəşfiyyatı bildirib.

Yevkurov Rostov-na-Don şəhərinin muzdlular tərəfindən tutulması zamanı “Vaqnerçilər”in lideri Yevgeni Priqojinlə söhbəti zamanı videoya çəkilib.

Surovikin Qərbdə qəddar reputasiyası ilə tanınsa da, o, Rusiya ordusunun ən hörmətli yüksək rütbəli zabitlərindən biridir və ona qarşı hər hansı rəsmi sanksiyaların mübahisələrə səbəb ola biləcəyi ehtimal edilir.

Onlar əlavə edirlər ki, potensial olaraq Rusiya ordusunun yüksək rütbəli zabitlərinin üzərinə düşən şübhələr Priqojinin uğursuz üsyanının Rusiyanın milli təhlükəsizlik sistemindəki mövcud parçalanmaları daha da gücləndirdiyini göstərir.

Qeyd edək ki, Rusiya ordu generalı Sergey Surovikinin saxlanılması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Bundan əvvəl məlum olub ki, Surovikinin Priqojinin üsyan etmək planlarından xəbəri ola bilərdi. Üstəlik, "Armageddon generalı" Priqojin ilə çoxdan yaxşı münasibət qurmuşdu. İyunun 28-də Rusiya hərbi müxbirləri Rusiya ordusunun generalı Sergey Surovikinin iyunun 25-dən Lefortovo istintaq təcridxanasında olduğunu bildiriblər. Lakin Surovikinin qızı Veronika iddia edir ki, “Vaqnerçilər”in üsyanından sonra onun atası saxlanılmayıb.

Turan İSMAYIL