Teleaparıcı Andrey Kondraşov TASS-ın yeni baş direktoru oldu

 15:02 05.07.2023     517

Andrey Kondraşov TASS informasiya agentliyinin yeni baş direktoru təyin edilib, agentliyin keçmiş rəhbəri Sergey Mixaylov isə öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, müvafiq sərəncamı iyulun 5-də Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

"Andrey Kondraşov tanınmış rusiyalı jurnalist və teleaparıcıdır", - hökumətin saytında deyilir.

Kondraşov Moskvada Müstəqil Ekologiya və Politologiya Universitetinin jurnalistika fakültəsini bitirib, daha sonra Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında siyasətşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb.

Kondraşov 1991-ci ildə televiziyaya gəlib, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri işləyib, Dövlət Dumasının işini işıqlandırıb, “Vesti” və “Vesti nedeli” verilişlərinin aparıcısı olub. 2018-ci ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini olub.

Kondraşov "İnformasiya proqramlarının aparıcısı" nominasiyasında TEFI mükafatının və "Tarixi əks etdirdiyinə görə" xüsusi mükafatının laureatıdır, o, dövlət mükafatlarına, o cümlədən qaynar nöqtələrdə işə və Krımdakı hadisələrin işıqlandırılmasına görə təltif edilib.

Turan İSMAYIL