Zelenski məmurları hədələdi: "Dövlət belə hərəkətsizliyə dözməyəcək"

 20:51 05.07.2023     335

"İndi Ukraynada sığınacaqların hazırlığı ilə bağlı problem hələ də qalmaqdadır, lakin yerli hakimiyyət orqanları onları qaydaya salmaq üçün bütün imkanlara malikdir".

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu öz videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, bu gün Ukraynanın müxtəlif region və şəhərlərində sığınacaqlarla bağlı vəziyyətlə bağlı ayrıca görüş keçirib. Onun sözlərinə görə, bu barədə strateji sənaye naziri Aleksandr Kamışin və Prezidentin regional siyasət idarəsinin rəhbərinin müavini Aleksey Kuleba məlumat veriblər.

"Təəssüf ki, Ukraynanın müxtəlif şəhərlərində hələ də sığınacaqların əhəmiyyətli dərəcədə əlçatmazlığı var... Dövlət belə hərəkətsizliyə dözməyəcək. Və bu, yerli liderlərin məsuliyyətidir. Ölkədə yerli hakimiyyət orqanlarının sığınacaq üçün resursu var", - deyə prezident vurğulayıb.

Xatırladaq ki, sığınacaqla bağlı vəziyyət iyunun 1-də Kiyevin raket hücumuna məruz qalmasından və biri uşaq olmaqla 3 nəfərin həlak olmasından sonra kifayət qədər kəskinləşib. Belə ki, həlak olanların sığınacağa girməyə vaxtları olmayıb, çünki o, bağlı olub.

Polis bu faktla bağlı cinayət işi açıb, üç vəzifəli şəxs və bir mühafizəçi saxlanılıb. Bu hadisədən sonra Zelenski bütün Ukraynada bomba sığınacaqlarının geniş miqyaslı yoxlanılması təşəbbüsü ilə çıxış edib.

Turan İSMAYIL