Ankara isveçin NATO-ya üzvlüyünə "hə" deyəcəkmi? - Kritik görüşmə

 11:52 06.07.2023     314

İsveçin NATO-ya üzvlüyü Litvada keçirilən Vilnüs Sammitində prioritet gündəm maddələrindən biridir.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sammitdən əvvəl Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçiriləcək.

Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, MİT-in rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək. Ancaq görüşdən əvvəl İsveç hələ də Türkiyənin gözlədiyi addımları ata bilməyib.

Stokholmun terrorla mübarizə qanununa etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç Ankaranın istədiyi terror təşkilatı PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməyib. Ankara açıq şəkildə bildirib ki, bu addımlar atılmasa, İsveçin üzvlüyünə qırmızı işıq yandıracaq.

İsveçin müttəfiqliyə üzvlüyünə etiraz edən Macarıstan bu prosesdə Türkiyə ilə birgə addım atacağı vədini verir.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto Türkiyənin İsveçin NATO-ya üzvlük prosesinə münasibətinin dəyişəcəyi təqdirdə Macarıstanın prosesi ləngitməyəcəyini açıqlayıb. O, həmçinin İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı türk həmkarı ilə əlaqə saxladığını bildirib. Avropa İttifaqı Komissiyası Türkiyənin NATO-dakı varlığının "açar rolu var" deyə açıqlama verib.

Humay İSGƏNDƏRLİ