Rusiyada hərbi xidmətdən yayınanların sürücülük vəsiqəsi imtahanından keçməsinə icazə verilməyəcək

 14:33 06.07.2023     316

Rusiyada hərbi xidmətə çağırılan və hərbi komissarlığa gəlməyən vətəndaşlar yol polisi vasitəsilə sürücülük vəsiqələrini dəyişdirə və ya digər dövlət xidmətləri ala bilməyəcəklər.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyi rəisi, polis general-leytenantı Mixail Çernikov deyib.

Onun sözlərinə görə, idarə hərbi komissarlıqlarla inteqrasiya olunmuş məlumat bazasından istifadə edir ki, bu da hərbi xidmətdən yayınanlar haqqında məlumatları əks etdirir.

"Belə vətəndaşlara dövlət xidmətləri göstərilməyəcək - onlar nə sürücülük vəsiqəsini dəyişdirə, nə də onu yenidən ala, yaxud hər hansı qeydiyyat və imtahan aksiyası keçirə bilməyəcəklər", - Çernikov mətbuat konfransında jurnalistlərə bildirib.

Sayt xatırladır ki, bu ilin aprelində Rusiya Prezidenti Vladimir Putin hərbi uçotun vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənəd hərbi xidmətə cəlb olunanların elektron çağırış vərəqələri vasitəsilə xəbərdar edilməsinə imkan verir, həmçinin çağırışdan yayınanlar üçün bir sıra məhdudiyyətlər tətbiq edir.

Belə ki, üzrlü səbəb olmadan hərbi komissarlığa gəlməməyə görə çağırışdan yayınanlara müvəqqəti məhdudiyyətlər qoyulacaq: fərdi sahibkar kimi qeydiyyata alınması, nəqliyyat vasitələrinin və daşınmaz əmlakın qeydiyyatı, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması və kredit verməkdən imtina edilməsi. Rusiya Federasiyasının bölgələrində onlar əlavə tədbirlər tətbiq edə biləcəklər - ödənişlərin məhdudlaşdırılması, müavinətlər və digər dəstək tədbirləri.

Turan İSMAYIL