Litva və Polşa liderləri Ukraynanı NATO-da tez görmək istəyirlər

 18:52 06.07.2023     272

Vilnüs və Varşava Ukraynanı Şimali Atlantika Alyansına mümkün qədər yaxınlaşdırmağı və Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirmək və sərtləşdirməkdə davam etməyi zəruri hesab edirlər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Litva və Polşa prezidentləri Gitanas Nauseda və Anjey Duda Vilnüsdə danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər.

“Vilnüs sammitinin iştirakçılarının (iyulun 11-12-də keçiriləcək – red.) Ukraynanın NATO-ya üzvlüyünə aydın yol verməsi və ona qısamüddətli və uzunmüddətli praktiki hərbi yardımı gücləndirməsi son dərəcə vacibdir”, - deyə Litva liderinin mətbuat xidməti bəyanatın müddəalarına istinad edir.

Orada qeyd edilir ki, Vilnüs və Varşava Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsində israr etmək niyyətindədir. "Litva və Polşa çalışacaqlar ki, Avropa İttifaqı Rusiya və Belarusa qarşı fərdi və sektoral sanksiyaları daim gücləndirsin", - prezidentlər vurğulayıblar.

Onlar həmçinin müdafiə sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. "Bölmələr arasında qarşılıqlı əlaqənin səviyyəsini artırmaq üçün müntəzəm birgə hərbi təlimlərin cədvəlini tərtib etmək lazımdır”, - deyə liderlər bildiriblər.

Turan İSMAYIL