Kiyevdən qovulan səfir Gürcüstana qayıdır

 23:47 06.07.2023     263

Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə əlaqədar Kiyevi tərk etmək əmri verilmiş respublikanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili ilə məsləhətləşmələr aparmağı planlaşdırmır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstanın “İmedi” televiziya şirkətinə müsahibəsində respublikanın xarici işlər naziri İlya Darçiaşvili deyib.

"Gürcüstanın Xarici İşlər Nazirliyi səfirlə hər hansı məsləhətləşmələr aparmağı planlaşdırmır. Yeri gəlmişkən, səfir artıq Ukrayna ərazisini tərk edib, o, Gürcüstana yollanır", - Darçiaşvili bildirib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərdə gərginlik Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 3-də Gürcüstan səfirini Ukrayna Xarici İşlər Nazirliyinə çağırmasından sonra yaranıb, ona sərt etiraz edilib və 48 saat ərzində ölkəni tərk etmək əmri verilib.

Bu tələbi dövlət başçısı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət fonunda irəli sürüb. Zelenski Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa, ona müalicə və qayğı göstərilməsinə çağırıb.

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili iyulun 6-da saat 12:00-a qədər Ukraynanı tərk etməli idi.

Turan İSMAYIL