İtaliyada qocalar evində yağın olub, ölənlər var

 10:48 07.07.2023     262

İtaliyanın Milan şəhərində qocalar evində yağın olub, ölənlər və xəsarət alanlar var.

Redaktor.az ANSA agentliyinə istinadən xəbər verir ki, gecə başlayan yanğın səhərə qədər davam edib.

Yanğın nəticəsində ölənlərin sayı 6-dır, 81 nəfər isə xəsarət alıb və ya tüstüdən zəhərlənib ki, onlar da regiondakı 15 xəstəxanaya yerləşdirilib.

Təcili Yardım Agentliyinin məlumatına görə, 2 xəstə Niguarda və San Raffaele xəstəxanalarına çox ağır vəziyyətdə gətirilib. Daha 14 nəfərin vəziyyəti orta ağır, 65 nəfər isə daha az ağır vəziyyətdədir.

Ölənlərdən 5-i qadın və 1-i isə kişidir. Qadınlardan 2-si yanaraq ölüb, 3 qadın və 1 kişi tüstüdən zəhərlənərək ölüb.

Bildirilib ki, müəssisədə 160 nəfər olub. Yanğınla bağlı araşdırma başlayıb. İndiyədək müstəntiqlər yandırma versiyasını istisna ediblər.