Putin rublun məzənnəsi ilə bağlı iclas keçirəcək?

 14:14 07.07.2023     277

Rusiya Prezidenti Vladimir Putin rublun hazırkı məzənnəsi ilə bağlı görüşlər keçirməyi planlaşdırmır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Xeyr, prezident bu məsələ ilə bağlı heç bir görüş planlaşdırmır”, - o, müvafiq sualı cavablandırarkən deyib.

Peskov prezidentin Rusiyanın baş naziri Mixail Mişustinlə bu yaxınlarda keçirdiyi söhbəti xatırladıb, burada ölkənin iqtisadi göstəricilərinin çox yaxşı olduğu müzakirə olunub: “Onlar, faktiki olaraq, makroiqtisadi sabitliyə heç bir şübhə olmamalı olduğunu göstərən konkret rəqəmləri də müzakirə ediblər. Qalan hər şey indiki konyuktura məsələsidir”, - Peskov bildirib.

Onun sözlərinə görə, təfərrüatlar və şərhlərlə bağlı hər şey - “bu, təbii ki, hökumətin səlahiyyətindədir”.

Peskov jurnalistlərə bildirib ki, valyuta məzənnələrində əhəmiyyətli dalğalanmalar tez-tez "spekulyativ oyunlar" səbəbindən yaranır, belə bir amili indi də istisna etmək olmaz.

Xatırladaq ki, Moskva birjasında valyuta ticarəti zamanı dolların məzənnəsi 28 mart 2022-ci il tarixindən bəri ilk dəfə 93 rublu ötüb, avronun məzənnəsi də 2022-ci ilin mart ayının sonundan bəri ilk dəfə 102 rublu ötüb.

Cümə günü Moskva vaxtı ilə saat 12:42-yə olan məlumata görə, Moskva birjasının hərraclarında dolların məzənnəsi 0,57% azalaraq 91,77 rubl, avronun məzənnəsi 0,09% azalaraq 99,92 rubl təşkil edib. Yuanın məzənnəsi 12,658 rubl (+0,62%) səviyyəsində olub.

Turan İSMAYIL