Almaniya parlamenti evtanaziya ilə bağlı qərarı rədd etdi

 17:06 07.07.2023     256

Almaniyada evtanaziyanın qanuniləşdirilməsi üçün hazırlanan iki ayrı qanun layihəsi parlament tərəfindən rədd edilib.

Redaktor.az "panorama news"a istinadən xəbər verir ki, iki fərqli parlament qrupu tərəfindən hazırlanan və Bundestaqda müzakirə edilən qanun layihəsi kvorum qazanmayıb.

18 yaşından yuxarı adamların ciddi şəkildə sağalmaz və ya dözülməz ağrıları olduqda tibbi yardım axtararaq həyatlarına son qoymaq hüququnu əhatə edən qanun layihələri rədd edildikdən sonra intiharların qarşısını almaq üçün bir sıra tədbirləri özündə əks etdirən təklif qəbul olunub. Təklifə əsasən, intihara meyilli insanlar və qohumları günün istənilən vaxtı tək telefon nömrəsi ilə onlayn olaraq həkim və ya psixoloqlarla əlaqə saxlaya, danışa bilməlidirlər.

Xatırladaq ki, Almaniya Konstitusiya Məhkəməsi 2020-ci ildə qəbul etdiyi qərarda evtanaziyanın insan hüququ olduğunu və onun konstitusiyaya uyğun olduğunu bildirmişdi. Eyni zamanda Bundestaqdan insanın öz ölümü ilə bağlı qərar qəbul etmək imkanı məsələsinə aydınlıq gətirməsini və buna hüquqi baza yaradılmasını istəmişdi.

Qeyd edək ki, Almaniyada “passiv evtanaziya” adlanan təcrübə ilə yaşamaq ümidini itirmiş və ya sağalmaz xəstəliyə tutulmuş insanların müalicəsini könüllü olaraq dayandırmaq mümkündür.

Humay İSGƏNDƏRLİ