“Ukrayna NATO-ya daxil olmamışdan əvvəl daha bir neçə addım atmalı olacaq" - Baydenin müşaviri
Alyansın Vilnüsdə keçiriləcək sammitindən sonra Ukrayna NATO-ya qəbul edilməyəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Amerika liderinin müşaviri iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan görüşə istinad edərək, "Ukrayna bu sammitin nəticəsində NATO-ya daxil olmayacaq" deyib.
Sallivan vurğulayıb ki, Kiyevin alyansa üzv olmaq üçün namizədlərə şamil olunan standartlara cavab verməsi üçün hələ də islahatlara ehtiyacı var.
“Ukrayna NATO-ya daxil olmamışdan əvvəl daha bir neçə addım atmalı olacaq”, - deyən Sullivan əlavə edib ki, ABŞ və alyansın digər ölkələri Ukraynanın Şimali Atlantika alyansına üzvlüyü üçün “hansı addımların lazım olduğunu müzakirə edəcəklər”.
Ağ Ev bildirir ki, Bayden Ukraynanın NATO-ya qəbul olunması üçün “əlavə islahatlara” ehtiyacı olduğunu israr edir.
Turan İSMAYIL