Putin balina və delfinlərin tutulmasını qadağan etdi

 17:23 10.07.2023     298

Rusiya Prezidenti Vladimir Putin balinaların, delfinlərin və digər dəniz məməlilərinin təhsil və mədəni məqsədlər üçün tutulmasını qadağan edən qanunu imzalayıb.

Redaktor.az "interfax.ru"ya istinadla xəbər verir ki, qanun rəsmi hüquqi informasiya portalında dərc olunub və 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Qanunda nəzərdə tutulub ki, dəniz məməlilərinin təhsil və mədəni məqsədlər üçün çıxarılması (ovlanması) yalnız hökumət komissiyasının qərarı ilə mümkün olacaq. Bu qərar onun alındığı tarixdən beş gün ərzində Balıqçılıq üzrə Federal Agentliyin saytında dərc olunacaq. Dəniz məməlilərinin çıxarılmasının (ovlanmasının) xüsusiyyətləri hökumət tərəfindən müəyyən ediləcək.

Qanun şərhində deyilir ki, dəniz məməlilərinin mədəni-maarifləndirmə məqsədilə yığılması əslində onların əyləncə tədbirlərində gəlir əldə etmək üçün istifadə edilməsi deməkdir.

Qeyd edək ki, sözügedən qanun Primoryedə Çin delfinariyaları üçün tutulan 11 qatil və 90 beluqa balinasının pis şəraitdə saxlanıldığı “balina həbsxanası”nın aşkarlanması ilə əlaqədar hazırlanmağa başlanıb.

Təşəbbüs müəllifləri qeyd edirlər ki, məməlilər üçün delfinariumlara ehtiyac brakonyerliyə kömək edir. Qeyddə deyilir ki, delfinlərin saxlanması da çox vaxt çoxsaylı pozuntularla müşayiət olunur.

Qanunun müəlliflərinin fikrincə, mənəvi və əxlaqi səbəblərdən 2021-ci ildə Avropanın 19 ölkəsində stasionar və səyyar delfinariyalar qadağan edilib. Meksika və Çilidə dəniz məməlilərinin tutulması, idxalı və ixracı qadağandır. İsrail əyləncə məqsədi ilə delfinlərin idxalını, İsveçrə isə 2012-ci ildən diri cetasianların idxalını qadağan edib. Delfinariumlarda satılan kiçik cetaceanları yalnız Yaponiya və Karib dənizinin bəzi ada dövlətləri tutmağa davam edir, qalan ölkələr bu təcrübədən imtina ediblər.

Turan İSMAYIL