"Hamı Ukraynanın NATO-ya qəbul edilməsi ilə razıdır" - Səfirdən AÇIQLAMA
İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinin yekun aktına hazırlıq yekunlaşmaq üzrədir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Litvanın NATO-dakı səfiri Deyvidas Matulionis yerli LRT milli radiosunun efirində bildirib.
"Yekun aktın mətninin təxminən 90%-i razılaşdırılıb. Qalan müddəaların razılaşdırılması üçün gərgin danışıqlar davam edir", - o deyib.
Onun sözlərinə görə, yekun sənədin Ukrayna ilə bağlı olan bəndləri ətrafında ən qızğın müzakirələr gedir. “Tərəfdaşlar arasında heç bir əsaslı fikir ayrılığı olmasa da, mətn təkmilləşdirilir”, - səfir bildirib. Matulionis qeyd edib ki, hamı Ukraynanın NATO-ya qəbul edilməsi ilə razıdır.
O xatırladıb ki, ikitərəfli çərçivədə alyansın bir neçə üzvü Kiyevə təhlükəsizlik zəmanəti vermək niyyətindədir. "Lakin çox güman ki, yekun aktda "təhlükəsizlik zəmanəti" anlayışı olmayacaq. Başqa bir ifadə işlənməlidir", - səfir vurğulayıb.
Turan İSMAYIL