Taliban İsveçin Əfqanıstandakı bütün missiyalarını dayandırdı

 10:12 11.07.2023     295

“Stokholm müsəlmanlardan üzr istəyənə qədər Kabil ölkədə İsveçin istənilən fəaliyyətini dayandırır”.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Əfqanısatanda Taliban hökumətinin nümayəndəsi Zabiullah Mücahid tviterdə yazıb.

“İsveçdə Qurani-Kərimin və müsəlman inancının təhqir olunmasından sonra Əfqanıstan İslam Əmirliyi bu mənfur hərəkətə görə müsəlmanlardan üzr istəyənə qədər Əfqanıstandakı istənilən İsveç fəaliyyətini dayandırır",-deyə o, qeyd edib.

Qeyd edək ki, iyunun 28-də İsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb. Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib.

Humay İSGƏNDƏRLİ