İndoneziya İran bayraqlı tankeri ələ keçirdi

 19:08 11.07.2023     286

İndoneziyanın sahil mühafizəsi xam neftin qeyri-qanuni daşınmasında iştirak etməkdə şübhəli bilinən İran bayraqlı supertankeri ələ keçirib.

Redaktor.az-ın "Reuters"ə istinadla məlumatına görə, İndoneziya rəsmiləri bildiriblər ki, "MT Arman 114" keçən həftə ələ keçirilən zaman 304 milyon dollar dəyərində xam neft daşıyıb.

Cənub-Şərqi Asiya dövlətinin dəniz təhlükəsizliyi agentliyi bildirib ki, VLCC nefti icazəsiz başqa gəmiyə ötürməkdə şübhəli bilinir.

Agentliyin rəhbəri Aan Kurnia bildirib ki, gəmi İndoneziyanın Şimali Natuna dənizində Kamerun bayraqlı "MT S Tinos" ilə gəmidən gəmiyə neft nəqli həyata keçirərkən aşkarlandıqdan sonra ələ keçirilib.

Gəmilərin operatorlarından dərhal şərh almaq mümkün olmayıb.

Agentlik bildirir ki, “Arman”la yanaşı, səlahiyyətlilər onun misirli kapitanını, 28 ekipaj heyətini və göyərtəsində olan təhlükəsizlik zabitinin ailəsi olan üç sərnişini saxlayıblar.

Turan İSMAYIL