"NATO-ya kimin qoşulacağına Rusiya qərar vermir" - Baş katib

 15:24 12.07.2023     243

"Qərb müəyyən riskə gedir, gələcəkdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə razılaşır, lakin hazırkı vəziyyətdə tamamilə “təhlükəsiz” həll yolları yoxdur".

Redaktor.az "İnterfax"a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO müttəfiqləri üçün risk elementi olmayan heç bir seçim yoxdur” deyən Stoltenberq Vilnüsdə keçirdiyi mətbuat konfransında jurnalistin Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti vermək planlarının nəticədə NATO ilə Rusiya arasında müharibə ola biləcəyindən qorxduğuna dair sualını cavablandırıb.

Stoltenberqin fikrincə, Rusiyanın Ukraynadakı uğuru “Kiyev üçün faciə, NATO üçün isə təhlükə olardı”.

Baş katib bir daha qeyd edib ki, NATO-ya kimin qoşulacağına Rusiya qərar vermir.

"Rusiya həmişə NATO-nun genişlənməsinin bütün mərhələlərinin əleyhinə olub. Amma üzvlük məsələsini NATO üzvləri həll edir, Moskvanın bu qərarlara veto qoymaq hüququ yoxdur, ona görə də biz Ukraynanı NATO üzvlüyünə yaxınlaşdırırıq", - deyə NATO rəhbəri bildirib.

Turan İSMAYIL