Ruslar daha bir ölkə vasitəsilə Avropaya uça biləcəklər

 16:39 13.07.2023     381

Tbilisidə Rusiya vətəndaşları üçün tranzit qovşağı yaradılır, bunun sayəsində onlar birbaşa uçuşların olmadığı Avropa şəhərlərinə uça biləcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-yə Vnukovo hava limanının ortaq sahibi Vitali Vantsev bildirib. Onun sözlərinə görə, bu, Bakı, İrəvan və İstanbulla birlikdə dördüncü tranzit qovşağı olacaq.

""Georgian Airways"dən olan tərəfdaşlarımız rusiyalı sərnişinlər üçün tranzit baxımından yaxşı təkliflər irəli sürürlər, Avropaya - indi birbaşa uçuşların bağlandığı Paris, Nitsa və Romaya açıq reyslər",- Vantsev bildirib.

O əlavə edib ki, Rusiya və Gürcüstan tərəfləri qovşağın sərnişinlər üçün mümkün qədər rahat olmasını təmin etməyə çalışırlar. Uçuşlar arasında əlaqənin saat yarım olacağı güman edilir.

Sayt xatırladıb ki, mayın sonunda Gürcüstanın “Georgian Airways” aviaşirkəti Moskvadan Tbilisidən tranzitlə getmək mümkün olan ölkələrin siyahısının genişləndirildiyini elan edib. Siyahıya Avstriya, Almaniya, Yunanıstan, İtaliya və bir sıra digər dövlətlər daxildir.

Moskvadan Tbilisiyə ilk uçuş demək olar ki, dörd illik fasilədən sonra mayın 19-da həyata keçirilib. Bu, "Azimut" aviakompaniyası tərəfindən yerinə yetirilib. İyun ayından etibarən Rusiyanın digər aviadaşıyıcısı "Red Wings"in təyyarələri Tbilisiyə uçuşlara başlayıb.

Turan İSMAYIL