Fransa və Hindistan liderləri daha sıx əməkdaşlıq arzusundadır

 23:54 14.07.2023     285

“Bu gün biz həm beynəlxalq böhranlar, həm də böyük qlobal çağırışlarla üzləşmək üçün ölkələrimiz arasında bu tarixi etimad münasibətlərini gücləndirməyə davam edəcəyik”.

Redaktor.az "İnterfax"a istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Hindistanın Baş naziri Narendra Modi ilə Yelisey Sarayında birgə mətbuat konfransında deyib.

Modi Hindistan və Fransa arasında strateji tərəfdaşlığın 25-ci ildönümü qeyd etmə mərasiminə gəlib və iyulun 14-də Bastiliyanın alınması günü milli bayramı münasibətilə Parisdə keçirilən ənənəvi hərbi paradın fəxri qonağı olub.

Yerli mediaya görə, Makronun Fransa-Hindistan əlaqələrini inkişaf etdirməkdə digər məqsədi Fransanın Asiya-Sakit okean regionunda təsirini artırmaq və Hindistandan Çinə qarşı potensial müttəfiq kimi istifadə etməkdir.

Fransa prezidentinin sözlərinə görə, tərəflər “beynəlxalq ictimaiyyətin parçalanması riski ilə bağlı ümumi narahatlığı bölüşürlər”.

Makron Parisin Dehli ilə strateji tərəfdaşlığını gücləndirmək planlarını vurğulayıb.

Mətbuat konfransı zamanı Fransa və Hindistan arasında daha sıx əməkdaşlıq arzusu hər iki lider tərəfindən təsdiqlənib.

Turan İSMAYIL