"Krım körpüsünün partladılmasına Zelenski qərar verib" - Dövlət Şurasının sədri

 12:28 17.07.2023     285

"Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsündə terror aktının əsas icraçısı və əsas təşəbbüskarıdır".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın işğalı altında olan Krımın Dövlət Şurasının sədri Vladimir Konstantinov “Rossiya-24” telekanalının efirində bildirib.

“Əlbəttə, əsas icraçı və əsas təşəbbüskar Zelenskinin özüdür. Orada bütün qərarlar yalnız yuxarıda qəbul edilir, hansısa mifik xüsusi xidmət orqanlarına istinad etmək onların nəzarət edə bilməyəcəyi mütləq utopiyadır, bu sadəlövh insanlar üçündür”, - Konstantinov deyib.

Konstantinov həmçinin bildirib ki, region Krım körpüsündə hərəkətin bir zolaqda bərpasına ümid edir.

“Körpünün bir hissəsi dağıdılıb, lakin hazırda ikinci hissəsinə baxış keçirilir, əgər onun üzərində hərəkəti bərpa etmək mümkün olsa, heç olmasa əks hərəkətdə bərpa olunsa, bu, bizim üçün çox yaxşı xəbər olacaq”, - deyə o, qeyd edib.

O, həmçinin əlavə edib ki, bir çox otelçilər artıq yarımadaya turistlərin səfərlərini uzatmağa razılaşırlar.

“Xüsusi çaxnaşma yoxdur, biz artıq mehmanxanaçılarla tətilin uzadılması ilə bağlı müzakirələr aparırıq, çoxları artıq turların pulsuz uzadılmasına razılıq verirlər”, - Konstantinov deyib.

Turan İSMAYIL