Baydenin xanımı Parisə niyə gəlir?
ABŞ prezidentinin xanımı Cil Bayden Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) ABŞ-ın qayıdış mərasimində iştirak etmək üçün Parisə səfər edəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın birinci xanımı iyulun 23-26-da Fransanın paytaxtında olacaq. YUNESKO-nun baş qərargahında Amerika bayrağının qaldırılması mərasimində Cil Baydenin çıxış edəcəyi dəqiqləşib.
Xatırladaq ki, iyunun sonunda YUNESKO-nun Baş Konfransının növbədənkənar sessiyasının iştirakçıları borcun tədricən ödənilməsi üçün Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qayıtması haqqında qətnaməni təsdiqləyiblər. Qəbul edilmiş qətnamənin mətninə əsasən, ABŞ nümayəndələri YUNESKO Baş Konfransının 43-cü sessiyasına qədər İcraiyyə Şurasına seçilə və bütün səsvermədə iştirak edə biləcəklər. Həmçinin ABŞ-ın böyük borcunu nəzərə alaraq, Baş Konfransın daxili reqlamentinin bir sıra müddəalarının dayandırılması qərara alınıb.
Vaşinqtonun təklif etdiyi variantda 2023-cü il üçün balansın ödənilməsi, həmçinin təşkilatın proqramlarına könüllü töhfə verilməsi nəzərdə tutulur. Bundan əlavə, ABŞ administrasiyası hazırda 619,6 milyon dollar olan borcun mərhələli şəkildə ödənilməsi ilə bağlı razılıq əldə etmək üçün ABŞ Konqresinə müraciət edəcəyinə söz verib. Birinci mərhələ 2024-cü ildə 150 milyon avro ödənilməsini nəzərdə tutur - bu məbləğ həm bu il üçün töhfəni, həm də bir sıra keçmiş öhdəliklərin ödənilməsini nəzərə alır.
Turan İSMAYIL