Türkiyə Səudiyyə Ərəbistanı ilə anlaşdı

 10:19 18.07.2023     275

Səudiyyə Ərəbistanı və Türkiyə çərşənbə axşamı enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalayıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

İmzalanma mərasimi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən sonra Ciddədə baş tutub. Görüşdə tərəflər iqtisadi əməkdaşlıq məsələlərini, eləcə də beynəlxalq və regional gündəliyin bəzi aspektlərini müzakirə ediblər.

İmzalanmış sənədlər arasında agentlik iki ölkənin hökumətləri arasında enerji sahəsində anlaşma memorandumu, birbaşa investisiyalar sahəsində anlaşma memorandumu, müdafiə sənayesi, tədqiqat və texnologiya, eləcə də enerji sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş tədbirlər planını qeyd edir. Bundan başqa, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Türkiyənin “Baykar” şirkəti ilə iki müqavilə imzalayıb.

Qeyd edək ki, Ərdoğan neft hasil edən Ərəb monarxiyalarından Türkiyə iqtisadiyyatına investisiya cəlb etmək məqsədi daşıyan Fars körfəzinə üç günlük turu çərçivəsində dünən axşam Səudiyyə Ərəbistanına gəlib. TRT-nin daha əvvəl xəbər verdiyi kimi, turdan sonra Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə 50 milyard dollardan çox investisiya müqaviləsi imzalamağı gözləyir.

Çərşənbə axşamı Türkiyə prezidentinin Dohaya səfəri və burada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi gözlənilir. Danışıqların ayrıca mövzusu müdafiə sənayesində əməkdaşlıq olacaq. Bu məsələ, xüsusən də bu yaxınlarda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və maliyyə naziri Mehmet Şimşək tərəfindən Qətərə səfəri zamanı müzakirə olunub. Qətər hazırda Türkiyədən pilotsuz təyyarələr, idarə olunan hərbi sursatlar, zirehli yer platformaları, döyüş gəmiləri və sürətli qayıqlar alır. Bundan əlavə, Qətər hakimiyyəti Türkiyənin Milgem sinifli korvetlərinin alınması ilə bağlı danışıqlar aparır, həmçinin perspektivli “Altay” əsas döyüş tankı layihəsinə maraq göstərir.

Ərdoğanın Körfəz turunun son dayanacağı Türkiyə liderinin iyulun 19-da səfər etməyi planlaşdırdığı BƏƏ olacaq.

Turan İSMAYIL