""Nissan" mənə və ailəmə etdiklərinin əvəzini ödəməlidir" - Şirkətin keçmiş rəhbəri

 17:13 18.07.2023     291

Renault-Nissan-Mitsubishi avtomobil alyansının keçmiş rəhbəri Karlos Qon Livanda Nissan-a qarşı iddia qaldırdığını təsdiqləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Yaponiyanın Xarici Müxbirlər Klubunun onlayn təşkil etdiyi mətbuat konfransında bildirib.

"İddia Nissan-ın Livanda törətdiyi çoxsaylı cinayətlərə əsaslanır. Nissan mənə və ailəmə etdiklərinin əvəzini ödəməlidir. Sadəcə əmin olmaq istəyirəm ki, bütün cinayətkarlar və sui-qəsdçilər yataqlarında rahat yata bilməsinlər". Lakin o, qaldırılan iddia ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, 2023-cü il mayın 18-də Qon adından Livan Kassasiya Məhkəməsinə onun işgüzar nüfuzuna dəyən ziyana görə 1 milyard dollar təzminat tələbi ilə iddia qaldırılıb. İş üzrə dinləmələr sentyabrda başlayacaq. Livan prokurorluğu yapon tərəfindən məhkəməyə lazımi məlumatların verilməsində əməkdaşlıq istəyə bilər, lakin Livan öz vətəndaşlarını ekstradisiya etmədiyi üçün yapon tərəfdaşlarının razılığına zəmanət verilmir.

Fransa, Braziliya və Livan vətəndaşlığına malik avtomobil alyansının keçmiş rəhbəri 2018-ci il noyabrın 19-da Tokio prokurorları tərəfindən həbs edilib. İstintaqın məlumatına görə, o, 2010-cu ildən 2018-ci ilə kimi Nissan-ın direktorlar şurasının sədri vəzifəsində 9 milyard yen (o vaxt 80 milyon dollardan çox) məbləğində mükafatını lazımınca bəyan etməyib. 2019-cu ilin aprel ayında o, həbsdən azad edilib və zaminə buraxılıb. Dekabrın sonlarında maqnat iki amerikalı Piter və Mayk Taylorun köməyi ilə qeyri-qanuni olaraq Osakadan İstanbula, oradan isə şəxsi təyyarə ilə Beyruta uçub.

Qon yapon rəsmilərini və Nissan rəhbərliyini ona qarşı sui-qəsddə ittiham edərək, onun siyasi təqib qurbanı olduğunu iddia edib. O, həmçinin Yaponiya prokurorluğunu və məhkəmə sistemini sərt tənqid edib.

Turan İSMAYIL