"Ukraynaya sərhədləri açmayacağıq" - Polşanın baş naziri

 17:21 19.07.2023     337

Varşava Ukraynadan gələn kənd təsərrüfatı məhsulları üçün sərhədləri açmaq niyyətində deyil.

Redaktor.az "İnterfax"a istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski deyib.

"Biz kənd təsərrüfatımızı qoruyuruq və buna görə də Ukraynadan gələn kənd təsərrüfatı malları üçün sərhədləri açmırıq. Ukraynadakı münaqişə kənd təsərrüfatı bazarına getdikcə daha ciddi təsir edir və bu, polyaklara mənfi təsir göstərir, ona görə də biz Ukraynadan gələn mallara embarqo tətbiq etdik", - baş nazir bildirib.

O, etiraf edib ki, bir neçə aydan sonra Avropa İtifaqı Ukraynadan taxıl idxalı üçün sərhədləri açmaq niyyətindədir.

"Biz bununla razılaşmırıq, sərhədləri açmayacağıq və iqtisadiyyatımızın sabitliyinin pozulmasına imkan verməyəcəyik. Biz Polşanın maraqlarını və kənd təsərrüfatımızı qorumağa borcluyuq", - o, vurğulayıb.

Xatırladaq ki, Polşa, Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniya Avropa Komissiyası (AK) ilə razılaşaraq, mayın 2-dən Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalına qadağa qoyub.

Şərqi Avropa bazarlarında Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının artıqlığı ilə bağlı bir sıra Avropa ölkələrinin kənd təsərrüfatı istehsalçıları üçün problemlər 2023-cü ilin ilk aylarında başlayıb. Onları bir çox cəhətdən Aİ-nin Ukraynadan taxıl və yağlı bitkilərin idxalına gömrük rüsumlarını müvəqqəti olaraq ləğv etməsi səbəb olub. Brüsselin bu tədbiri ilə əlaqədar olaraq, Ukraynadan sərhədyanı dövlətlərə kənd təsərrüfatı məhsullarının idxalı xeyli artıb.

Ukrayna məhsulları, xüsusən də taxıl, günəbaxan, yumurta, quş əti, şəkər, alma və alma şirəsi, giləmeyvə, un, bal və makaron görünməmiş miqdarda bu ölkələrdə rəflərdə yer almağa başlayıb ki, bu da qiymətlərin kəskin ucuzlaşmasına səbəb olub və adı çəkilən ölkələrdə fermerlərə ağır zərbə vurub.

Turan İSMAYIL