Yunanıstanı alov bürüdü - Aİ bu ölkəyə əlavə kömək göndərir

 18:00 19.07.2023     265

Avropa İttifaqı irimiqyaslı meşə yanğınlarının qarşısını almaq üçün Yunanıstana yanğınsöndürən təyyarələr, nəqliyyat vasitələri və yanğınsöndürənlər göndərəcək.

Redaktor.az "İnterfax"a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım üzrə Baş Direktorluğu bildirib.

Məlumata görə, Yunanıstana Fransa və İtaliyadan dörd ixtisaslaşdırılmış təyyarə, həmçinin Polşa, Rumıniya və Slovakiyadan üç yanğınsöndürmə briqadası göndəriləcək. Ümumilikdə briqadalarda 220 yanğınsöndürən və 65 texnika var.

"Avropanın cənubunda isti dalğası yaşayırıq və bu, qısa müddətdə yüzlərlə hektar ərazinin yandığı Yunanıstanda artıq dağıdıcı nəticələrə səbəb olub. Bu vəziyyətdə Aİ-nin sürətli reaksiyası vacibdir, mən bu beş ölkəyə Yunanıstanla həmrəyliklərinə görə təşəkkür edirəm”, - Avropa Komissiyasının antiböhran idarəçiliyi üzrə mətbuat xidmətinin üzvü Janez Lenarçiç bildirib.

Bundan əlavə, Rumıniya, Bolqarıstan və Maltadan olan quru yanğınsöndürmə briqadaları artıq Yunanıstanda fəaliyyət göstərir. Onlar oraya daha əvvəl Aİ-nin meşə yanğınları mövsümünə hazırlıq planının bir hissəsi kimi göndərilib.

Qeyd edək ki, Yunanıstan iyulun 18-də Aİ-nin mülki müdafiə mexanizmini işə salıb.

"Kathimerini" qəzetinin məlumatına görə, çərşənbə günü əvvəllər Rodos adasında güclü yanğınla əlaqədar dörd kəndin sakinləri təxliyə edilib.

Yunan mətbuatı yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verir ki, son 48 saat ərzində ölkədə 123-dən çox yanğın baş verib.

Yanğınsöndürənlər Mandra (Afinanın qərbində yerləşir) və Loutraki (Korinf kanalının yaxınlığında yerləşir) şəhərlərində yanğınla mübarizəni davam etdirirlər.

Yunanıstanda təbii yanğınlar anomal istilər fonunda başlayıb. Ölkənin mərkəzi hissəsində havanın temperaturu 44 dərəcəyə çatır. Yunanıstan meteorologiya mərkəzi cümə axşamı ölkəni yeni isti dalğasının vura biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, bu, yeni yanğınlara səbəb ola bilər.

Bu ərəfədə Afina yaxınlığında üç meşə yanğınının başladığı bildirildi. Biri - Afinadan 27 km cənub-şərqdə yerləşən Kouvaras kəndində, ikincisi Loutraki yaxınlığındakı meşədə. Üçüncü yanğın bazar ertəsi Afinanın təxminən 30 kilometr şimalındakı Dervenochoria bölgəsində başlayıb. Qərb mətbuatının yazdığına görə, bu yanğın xüsusilə relyefin əngəlli olması və güclü küləyin əsməsi səbəbindən güclüdür. Afinadakı yay uşaq düşərgəsindən və yaşlılar üçün reabilitasiya mərkəzindən evakuasiya edildiyi barədə məlumatlar var. Turistlər də təxliyə edilir.

Zəruri hallarda kömək göstərmək üçün tüstülü sahillərə Sahil Mühafizəsinin gəmiləri göndərilib.

Turan İSMAYIL