"Krım körpüsü Ukraynanın hədəfidir, onu zərərsizləşdirmək lazımdır" - Zelenskidən AÇIQLAMA

 23:07 21.07.2023     323

"Krım körpüsü ukraynalı müdafiəçilərin hədəfidir. Onu zərərsizləşdirmək lazımdır, çünki işğalçılar ondan müharibə üçün istifadə edirlər".

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Aspen" Təhlükəsizlik Forumunda deyib.

Dövlət başçısı xatırladıb ki, Ukraynanın məqsədi Krımı işğalçılardan azad etməkdir, çünki bu, ölkənin suveren ərazisi və xalqın ayrılmaz hissəsidir.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, Krım körpüsü sadəcə “kiçik logistik yol” deyil, çünki onun köməyi ilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir.

"Bizim üçün bu, qanundan kənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur və sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir", - prezident vurğulayıb.

Xatırladaq ki, iyulun 17-nə keçən gecə Krım körpüsündə silsilə partlayışlar səslənib, nəticədə körpü qismən zədələnib.

Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti Dəniz Qüvvələri ilə birlikdə körpüyə hücum etdiyini bildirib. Zərbə yerüstü dronların köməyi ilə həyata keçirilib.

Belə bir hücum körpüdə nəqliyyat vasitələrinin hərəkətinin pozulmasına səbəb olub. Bu günə olan məlumata görə, nəqliyyatın tam hərəkəti hələ bərpa olunmayıb - körpünün noyabr ayından tez olmayan təmiri planlaşdırılır.

Turan İSMAYIL