Rusiya Qara dənizdə mülki gəmilərə hücum edə bilər - Britaniyalı nazir

 17:25 25.07.2023     340

Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün uğursuzluğundan sonra Qara dənizdə mülki gəmilərə hücum edə bilər.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu bəyanatla Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çıxış edib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın ərzaq ixracına mane olmaq kampaniyasını gücləndirdiyi üçün mülki gəmilərə hücuma başlaya bilər.

"Biz bu vicdansız davranışı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bildirəcəyik. Rusiya dünyanın ərzaq ehtiyatlarını girov saxlamağı dayandırmalı və razılığa qayıtmalıdır", - Kleverli bildirib.

Xatırladaq ki, keçən həftə Kreml bir il müddətinə qüvvədə olan və Ukrayna ərzaq məhsullarının Qara dəniz limanlarından təhlükəsiz ixracına icazə verən “taxıl sazişi”ndən çıxdığını elan edib.

Bundan sonra Rusiya demək olar ki, hər gecə Ukraynanın cənubuna hücum edir. Xüsusilə də işğalçılar Odessa və bölgəyə raket zərbələri endirirlər.

Qeyd edək ki, iyulun 24-nə keçən gecə ruslar Dunayda Rumıniya ilə sərhədə yaxın yerləşən Reni çay limanına hücum ediblər.

Turan İSMAYIL