Ankaradan Kopenhagenə XƏBƏRDARLIQ

 23:20 25.07.2023     284

Türkiyə Danimarkada müsəlmanlar üçün müqəddəs Qurani-Kərimi təhqir etmək, o cümlədən respublikanın Kopenhagendəki səfirliyində keçirilən aksiyaları qətiyyətlə pisləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tviter hesabında yerləşdirilmiş bəyanatında deyilir.

"Biz Kopenhagendəki səfirliyimizdə müqəddəs kitabımıza qarşı dünənki etiraz aksiyasının bugünkü davamını qəti şəkildə pisləyirik. Bu cür hərəkətlər təkcə milyardlarla müsəlmanı təhqir etmir, həm də ictimai əmin-amanlığa və birlikdə yaşamaq mədəniyyətinə xələl gətirir. Danimarka hakimiyyəti bu nifrət cinayətinin təkrarlanmasının qarşısını almaq üçün lazımi tədbirlər görməlidir", - bəyanatda deyilir.

Qeyd edək ki, iştirakçılarının Quranı yandırdığı anti-islam aksiyaları iyulun 25-də Misir və Türkiyənin Kopenhagendəki səfirlikləri yaxınlığında keçirilib. Analoji aksiya bir gün əvvəl İraq səfirliyi yaxınlığında da keçirilib. Onların hamısını "Danimarka vətənpərvərləri" sağçı radikal qruplaşması təşkil edib. Bütün bu hərəkətlər İslam dünyasında kəskin mənfi reaksiyaya səbəb olub.

Turan İSMAYIL