Qurana qarşı hörmətsizliyin təkrarlanmamasına çalışırıq - İsveç xarici işlər naziri

 13:23 26.07.2023     214

Əlcəzair Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, İsveçin xarici işlər naziri Tobias Billström ilə Əlcəzairin xarici işlər naziri Əhməd Attaf arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, İsveçin xarici işlər naziri telefon danışığında hökumətin bu kimi hərəkətlərin qarşısını almaq imkanının konstitusiya ilə məhdudlaşdığına diqqət çəkərək ölkəsinin "alçaq" hərəkət kimi xarakterizə etdiyi bu cür hərəkətlərə görə dərin təəssüf hissi keçirdiyini və hadisəni açıq şəkildə rədd etdiyini bildirib.

"Qurana qarşı hörmətsizliyin təkrarlanmaması üçün çalışırıq”, - deyə bildirən T.Billström Əhməd Attafı İsveç Ədliyyə Nazirliyi tərəfindən "bu qəbuledilməz davranışların öhdəsindən gəlmək məqsədilə ictimai asayişin qorunması ilə bağlı İsveç qanununu tətbiq etmə ehtimalını qiymətləndirmək üçün irəli sürülən təşəbbüs" barədə məlumatlandırıb.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərim yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

Bu hadisə bir çox müsəlman ölkələrində, o cümlədən İraqda hiddət doğurub, həmçinin digər qeyri-müsəlman dövlətlər tərəfindən qınanılıb.