Malayziya XİN Quranın yandırılmasına görə İsveçə etiraz ETDİ

 16:44 26.07.2023     224

Malayziya Xarici İşlər Nazirliyi (XİN) İsveçin bu ölkədəki səfiri Yoahim Berqströmü çağıraraq, Stokholmda son vaxtlar Qurana qarşı edilən təhqirləri pisləyib.

Redaktor.az-ın ANTARA-ya istinadla məlumatına görə, Malayziya XİN mətbuata açıqlamasında bildirib ki, görüş zamanı Malayziyanın söz azadlığı bəhanəsi ilə Qurani-Kərimin təkrar təhqir olunmasına icazə verən İsveç hökumətinə etirazını və məyusluğunu təkrarlayıb.

Nazirlik həmçinin İsveç səfirinə bildirib ki, söz azadlığı məsuliyyətlə və müxtəlif dünya ictimaiyyətinin dini həssaslıqları nəzərə alınmaqla həyata keçirilməlidir. Nazirlik İsveç hökumətini bərabər söz azadlığının həyata keçirilməsində uğursuzluğuna yenidən baxmağa və strukturlaşdırılmış islamafobiyaya son qoymaq üçün zəruri və təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, iyunun sonunda Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub. İraq İsveç hakimiyyətindən aksiyanı törədən immiqrantın mühakimə olunmaq üçün ekstradisiyasını tələb edib və onlarla iraqlı ölkənin Bağdaddakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirib. Hadisə Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbül Qeyt və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budaive tərəfindən də pislənib. İordaniya və BƏƏ Xarici İşlər Nazirlikləri İsveç səfirlərini onlara etiraz notası təqdim etmək üçün çağırıb. 

İyul ayında "Danimarka vətənpərvərləri" ekstremist qruplaşmasının üzvləri İraqın Kopenhagendəki səfirliyi qarşısında dəfələrlə Quran nüsxələrini yandırıblar. İyulun 25-də isə bunu Misirin diplomatik nümayəndəliyində və Türkiyənin Kopenhagendəki səfirliyində ediblər.

Turan İSMAYIL