Şoyqu Şimali Koreya ordusunu "dünyanın ən güclüsü" adlandırdı
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi Rusiya nümayəndə heyətinin iştirak etdiyi Koreya müharibəsinin başa çatmasının 70-ci ildönümü şərəfinə keçirilən qəbulun yekunları ilə bağlı press-reliz dərc edib.
Redaktor.az-ın "gazeta.ru"ya istinadla məlumatına görə, agentlik bildirir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu qəbulda çıxışı zamanı bildirib ki, Koreya Xalq Ordusu “Ali Baş Komandanın ətrafında sıx birləşib, yorulmadan öz qüdrətini gücləndirib,... nəticədə o, dünyanın ən güclü ordusudur”. Həmçinin bildirilir ki, rusiyalı nazir Moskvanın Pxenyanla bütün sahələrdə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Koreya müharibəsi 25 iyun 1950-ci ildən 1953-cü il iyulun 27-dək üç il davam edib. Şimali Koreyada bunu adətən “Vətən Azadlıq Müharibəsi” adlandırırlar. Tərəflər arasında münaqişə zamanı SSRİ Şimali Koreyaya, ABŞ isə Cənuba dəstək verib. Müharibə nəticəsində yarımadanın 38-ci paralel boyunca iki hissəyə bölünməsini təsbit edən atəşkəs müqaviləsi imzalanıb. İki Koreya arasında sülh müqaviləsi hələ imzalanmayıb, formal olaraq müharibə vəziyyətindədirlər.
Turan İSMAYIL