Afrika liderləri Sankt-Peterburqda Ukraynanı müzakirə etdi

 20:48 27.07.2023     282

Misir prezidenti Əbdülfəttah əs-Sisi, eləcə də Rusiya-Afrika forumunda iştirak edən digər beş Afrika dövlətinin başçıları bu gün Sankt-Peterburqda Ukrayna və Rusiya arasında böhranın həlli üçün vasitəçilik təşəbbüsü ilə bağlı görüş keçiriblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Misir prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi özünün feysbuk səhifəsində məlumat verib.

O, qeyd edib ki, toplantıda əs-Sisi ilə yanaşı, Komor adaları, Konqo, Seneqal, Uqanda və Cənubi Afrikanın prezidentləri də iştirak ediblər. "Afrika liderləri bu ilin iyununda Afrika dövlətlərinin nümayəndələrinin Kiyev və Sankt-Peterburqa səfərlərindən sonra öz təşəbbüslərinin irəliləyişini nəzərdən keçiriblər", - Misir rəhbərinin rəsmi nümayəndəsinin bəyanatında deyilir.

O, həmçinin qeyd edib ki, görüş iştirakçıları “Afrika dövlətlərinin Ukrayna və Rusiya arasında münasibətlərdə böhranın Afrika iqtisadiyyatına ciddi təsir göstərən iqtisadi nəticələrini nəzərə alaraq, onun həlli istiqamətində bütün səyləri dəstəklədiyini təsdiqləyiblər”.

Xatırladaq ki, Zambiya, Komor, Seneqal, Cənubi Afrika Respublikasının prezidentləri, Misirin baş naziri, habelə Konqo Respublikası və Uqanda nümayəndələrinin daxil olduğu yeddi Afrika ölkəsindən ibarət nümayəndə heyəti iyunun 16-da Kiyevə səfər edib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. Növbəti gün missiyanı Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin qəbul edib. Cənubi Afrika prezidenti daha sonra nümayəndə heyəti adından Ukraynada sülh prosesi üçün 10 prinsipdən ibarət planı açıqlayıb.

Qeyd edək ki, iyulun 27-28-də Sankt-Peterburqda Ekspoforumda ikinci Rusiya-Afrika sammiti keçirilir, onunla paralel olaraq iqtisadi və humanitar forum da təşkil olunur. Tədbirləri Roskonqres Fondu təşkil edir. 

Turan İSMAYIL