Zelenski Qətərin baş naziri ilə müzakirələr apardı

 19:28 28.07.2023     257

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də Qətərin baş naziri, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, Zelenski Qətər rəsmisinin Ukraynaya ilk səfərinin əhəmiyyətini qeyd edib, həmçinin dəstəyə və Ukrayna xalqına humanitar yardım göstərdiyinə görə Qətərə təşəkkür edib.

"Biz bu səfəri yüksək qiymətləndiririk və bunu Qətərin dövlətimizə dəstəyinin və həmrəyliyinin mühüm təzahürü hesab edirik. Qətərdən alınan bütün yardıma görə səmimi minnətdarıq", - Vladimir Zelenski bildirib.

Ukrayna prezidenti həmsöhbətinə Rusiyanın Odessaya gündəlik raket hücumları, YUNESKO-nun himayəsində olan şəhərin tarixi mərkəzini dağıtmaq cəhdləri, mülki liman infrastrukturu barədə məlumat verib.

Bu kontekstdə tərəflər qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi və “taxıl dəhlizi”nin təhlükəsiz istismarının davam etdirilməsi istiqamətində gələcək addımları müzakirə ediblər.

Məhəmməd bin Əbdülrəhman Əl Tani öz növbəsində Qətər əmirinin salamlarını çatdırıb və bu dövlətin Ukraynanın humanitar ehtiyaclarını dəstəkləmək üçün 100 milyon dollar ayırmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Qətər hakimiyyəti Ukraynadakı müharibə ilə bağlı guya neytral mövqe tutur. Bununla belə, Qətər Rusiyanın ukraynalılara təcavüzünü açıq şəkildə pisləməyib.

Bundan əlavə, Qətər may ayında Kreml binasına “hücum” etdiyi üçün “müharibənin gərginləşdiyini” elan edib. Bu ölkə Rusiyanın Ukraynada dinc əhaliyə qarşı terroruna məhəl qoymayıb. Ukrayna Xarici İşlər Nazirliyi Qətərə sərt cavab verib və xatırladıb ki, Rusiya təcavüzkardır.

Turan İSMAYIL