Zelenskidən rusların Dneprdə vurduğu zərbəyə sərt reaksiya: "Bu əclaf cavab verəcək"
Ukrayna rus işğalçılarının hücumlarına, o cümlədən bu gün Dneprdə hündürmərtəbəli binaya hücumuna görə cəzalandırılması üçün hər şeyi edəcək.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu özünün teleqram analında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Dneprdə işğalçılar hündürmərtəbəli binalarla yanaşı, Ukrayna Təhlükəsizlik Xidmətinin binasını da vurublar.
Dövlət başçısı Ukraynanın Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Fövqəladə Hallar Xidməti və Dnepropetrovsk vilayət polis idarəsinin rəisi Sergey Lısakla operativ söhbətlər apardığını qeyd edib.
Zelenski bildirib ki, bütün lazımi xidmətlər artıq hadisə yerindədir, zərərçəkənlərə yardım edilir, vəziyyət nəzarət altındadır.
"Biz Rusiyanı xalqımıza qarşı təcavüz və terrora görə tam cəzalandırmaq üçün hər şeyi edəcəyik. Bu əclaf cavab verəcək. Biz ədalət naminə hər şeyi edəcəyik", - prezident vurğulayıb.
Xatırladaq ki, bu gün, iyulun 28-də axşam saatlarında Ukraynanın bir sıra şərq və cənub rayonlarında hava həyəcanı elan edilib. Hərbi Hava Qüvvələrindən bildirilib ki, bu, rusların ballistik silahlardan istifadə təhlükəsi ilə əlaqəli idi.
Bundan sonra Dnepr və Zaporojyedə partlayışlar səslənib.
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının hücumu nəticəsində azı üç qurban məlumdur.
Turan İSMAYIL