Pakistandakı terror aktında ölənlərin sayı artdı - YENİLƏNİB

 22:22 30.07.2023     437

Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: “Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib (report).

19:23

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 35 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Geo News telekanalı fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 200-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Partlayış yerli vaxtla saat 16:00 radələrində baş verib. Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən olub.

Geo News qeyd edir ki, Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib (apa).