Danimarkada Quranın yandırılmasına qadağa qoyulacaq
Danimarka hökumətinin digər ölkələri, mədəniyyətləri və dinləri təhqir edən ictimai toplantıları, o cümlədən Quran yandırılmasını məhdudlaşdırmaq təşəbbüsü krallığın bir sıra müsəlman ölkələri ilə artan gərginliyini azaltmağa kömək edəcək.
Redaktor.az Reuters-ə istinadla xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen bildirib.
O, vurğulayıb ki, Danimarka hakimiyyəti kənar təzyiqlərə görə deyil, krallığın maraqlarına əsaslanaraq belə hərəkətləri məhdudlaşdırmaq niyyətindədir. “Biz sadəcə oturub hadisələrin nəzarətdən çıxmasını gözləməməliyik".
Danimarka hökuməti iyulun 30-da elan edib ki, digər ölkələrin, mədəniyyətlərin və dinlərin təhqir olunduğu və bunun dövlətin təhlükəsizliyi üçün ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi hallarda ictimai toplantılara icazə verilməməsi imkanlarını araşdırır.
Daha əvvəl Danmarks Radio-ya müsahibəsində Rasmussen bildirib ki, “təkcə bazar günü Danimarkadakı xarici səfirliklərin qarşısında Quranın beş nüsxəsi yandırılıb”. İyul ayında sağçı radikal qrup olan "Danimarka Patriotları"nın nümayəndələri Misir, Türkiyə və İraq səfirliklərinin binaları qarşısında Quranı yandırıblar. Bununla bağlı Danimarka Xarici İşlər Nazirliyi müqəddəs kitabların və dini simvolların məhv edilməsini qınamağa layiq biabırçı hərəkət adlandırıb. Nazirlik krallığın dini etiqad azadlığına malik olduğunu və bir çox vətəndaşın İslam dinini qəbul etdiyini xatırladıb. Eyni zamanda XİN “ifadə və sərbəst toplaşma azadlığına hörmət edilməsinin zəruriliyinə” işarə edib.
Turan İSMAYIL