Rusiya ABŞ-ın BMT-dəki proqramına qarşı çıxdı

 20:28 01.08.2023     266

Rusiya BMT Təhlükəsizlik Şurasının avqust ayı üçün iş proqramında Ukrayna üzrə ayrıca iclasın əvvəlcədən qeyd edilməsinə qarşı çıxıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"Bu dəfə amerikalı həmkarlarımız və dostlarımız sadəcə olaraq dedilər ki, Ukraynanı müzakirə etməliyik, şuranın Ukraynanı müzakirə etmək imkanını əngəlləmək lazım deyil. Amma biz heç bir halda Ukraynanı müzakirə etmək imkanını əngəlləmirik", - o deyib.

Rusiyalı diplomat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı konkret qətnamələri olmadığı üçün Ukrayna üzrə görüşün Təhlükəsizlik Şurasının bir aylıq iş proqramına daxil edilməsi üçün heç bir formal əsas yoxdur. "Biz Ukrayna ilə bağlı müzakirəni alqışlayardıq, çünki hesab edirik ki, şuranın baxmalı olduğu çoxlu mövzular var. Lakin Ukrayna məsələsinin formal olaraq iş proqramına daxil edilməsi qırmızı xətti keçmək olardı. Biz bunu açıq şəkildə bildirdik, lakin Amerikanın prezidentliyi prinsipial məsələdir.Ona görə də biz iş proqramı ilə bağlı razılığa gəlməmişik”, - Polyanski bildirib.

Rusiya Federasiyasının etirazına səbəb olan digər məqam isə Suriya ilə bağlı çoxlu sayda görüşün iş proqramına salınması olub:

“Biz və təkcə biz çoxdandır ki, Suriyadakı vəziyyətin üç ayrı aspektinin hər ay müzakirə edilməməsinin tərəfdarıyıq".

Turan İSMAYIL