Rusiyanın İzmailə hücumundan sonra Rumıniya sərhəd nəzarətini gücləndirdi

 17:11 03.08.2023     365

Rumıniya Milli Müdafiə Nazirliyi Rusiyanın Rumıniya sərhədi yaxınlığında yerləşən Dunay üzərindəki Ukraynanın İzmail limanına hücumunu kəskin şəkildə pisləyib.

Redaktor.az-ın RBC-Ukrayna-ya istinadla məlumatına görə, nazirlikdən bildiriblər ki, Rusiya hücumu səbəbindən NATO sərhədlərinə nəzarəti gücləndirirlər.

“Müdafiə Nazirliyi Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü və Ukraynanın mülki ərazilərinə və mühüm infrastruktur obyektlərinə əsassız və qeyri-qanuni hücumların davam etdirilməsini qətiyyətlə pisləyir”, - deyə bəyanatda bildirilir.

Eyni zamanda qeyd edilir ki, Rumıniya hüquq-mühafizə orqanlarının əməkdaşları indi quruda, dənizdə və hava məkanında daimi monitorinq həyata keçirəcəklər. Bundan əlavə, hakimiyyət bütün şərq cinahda müdafiəni gücləndirmək və müttəfiq ərazilərə qarşı istənilən təcavüzün qarşısını almaq üçün NATO strukturları ilə əməkdaşlıq edir.

Xatırladaq ki, avqustun 2-də gecə saatlarında rus işğalçıları İran istehsalı "Şahed" kamikadze pilotsuz təyyarələrinin (PUA) köməyi ilə növbəti dəfə Ukraynaya hücum ediblər. Onlar əsasən Odessa vilayətinin cənubuna hücum edib. Ruslar çay limanının yerləşdiyi İzmaili vurublar. Orada dəniz terminalı və Ukraynanın Dunayda əsas yükdaşıyıcısı olan Ukraynanın Dunay Gəmiçiliyinin infrastrukturu zədələnib.

Cəmi bir gecədə rus işğalçıları 40 min tona yaxın taxıla zərər vurublar. 

Turan İSMAYIL