Rusiyanın daha bir şəhərində hərbi komissarlığı yandırmaq istədilər

 18:58 07.08.2023     267

Rusiyanın Nijni Novqorod vilayətinin sakini Bor şəhərindəki hərbi komissarlığı yandırmaq niyyətində olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya FTX-nin regional idarəsinin əməkdaşları ona rəsmi xəbərdarlıq ediblər.

“Rusiyanın Nijni Novqorod vilayəti üzrə FTX-si Nijni Novqorod vilayətinin sakininə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət törətmək təhlükəsi yaradan hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edib” - açıqlamada deyilir.

Qeyd olunur ki, idarəyə həmin şəxsin Bor şəhərinin şəhər rayonunun hərbi komissarlığını yandıraraq terror aktı törətmək niyyəti barədə məlumat daxil olub. FTX-nin məlumatına görə, o, Telegram-da naməlum istifadəçidən tapşırıq alıb və iki Molotov kokteyli hazırlamağa nail olub. Lakin o, cinayət məsuliyyətindən qorxaraq niyyətindən əl çəkib və dindirmə zamanı FTX əməkdaşlarına “Molotov kokteyli” verib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra ölkənin bir sıra bölgələrində dəfələrlər hərbi komissarlıqlara "Molotov kokteyli" atılıb.

Turan İSMAYIL