Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdırmaq üçün razılığa gəlib?

 19:03 09.08.2023     251

Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın şərtləri ilə bağlı ümumi şəkildə razılığa gəliblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri arasında olan mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin yazdığına görə, sazişlər “fələstinlilərə güzəştlər, ABŞ-dan təhlükəsizlik zəmanətləri və dinc atom sahəsində yardım müqabilində” Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin tanınmasını nəzərdə tutur. Nəşrin mənbələri ehtimal edirlər ki, mümkün razılaşmanın detalları yaxın 9-12 ay ərzində razılaşdırılacaq.

WSJ-nin məlumatına görə, ABŞ prezidenti Co Bayden administrasiyası Amerika tərəfinin “əhəmiyyətli güzəştlər” müqabilində Səudiyyə Ərəbistanından “iqtisadi və hərbi baxımdan Çindən uzaqlaşacağını” gözləyir. "Xüsusilə, ABŞ Ər-Riyadın ölkədə Çin hərbi bazalarının tikintisinə icazə verməyəcəyinə, Çin texnologiyasından istifadəni məhdudlaşdıracağına, həmçinin neft sövdələşmələrində yuandan deyil, ABŞ dollarından istifadə edəcəyinə dair zəmanət verməsində maraqlıdır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud “sövdələşməyə cəhd etməkdə ciddidir”, lakin BƏƏ-nin etdiyi kimi İsraillə tam diplomatik əlaqələr qurmağa hazır deyil" - qəzetin mənbələri bildirir.

Avqustun 7-də İsrailin baş naziri Binyamin Netanyahu “Bloomberg” agentliyinə müsahibəsində Səudiyyə Ərəbistanı ilə sülh razılaşması əldə etmək, eləcə də Ər-Riyadla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindən danışıb. O, həmçinin qeyd edib ki, ölkələr hətta rəsmi sülh sazişi olmasa belə, iqtisadi əməkdaşlığı inkişaf etdirə bilərlər.

Turan İSMAYIL