Kanada Ukraynaya "Senator Rochel" zirehli maşınlarını bağışladı

 13:25 10.08.2023     274

Kanada "Senator Rochel" zirehli maşınlarını Ukraynaya bağışlayıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu texnikanı göstərən video yayımlayıb və Kanada tərəfdaşlarına dəstəyə görə təşəkkür edib.

Onun sözlərinə görə, bu zirehli maşınlar döyüş tapşırıqları zamanı Ukrayna hərbçilərinin qorunmasına kömək edir.

"Onlar minlərlə əsgərimizin həyatını xilas edəcəklər. Çünki sonda bu müharibədə qalib gələ biləcək insanlardır. Şadam ki, kanadalı tərəfdaşlarımızla döyüş meydanında eyni fikirlərə sahibik", - Reznikov tviterdə yazıb.

O, Kanadanın keçmiş milli müdafiə naziri Anita Ananda, Kanadanın yeni təyin olunmuş milli müdafiə naziri Bill Bleyrə, eləcə də "Ağcaqayın Yarpağı" ölkəsinin bütün xalqına köməyə görə təşəkkür edib.

Qeyd edək ki, bu ilin yanvarında Kanada Rusiyanın təcavüzünü dəf etmək üçün hərbi yardım çərçivəsində Ukraynaya 200 "Senator Rochel" zirehli maşını təhvil verəcəyini vəd edib. 2022-ci ildə Ukrayna artıq yüzə yaxın bu maşın alıb.

Ölkənin o zamankı müdafiə naziri Anita Anand qeyd edib ki, bu maşınlar şəxsi heyətin və texnikanın təhlükəsiz daşınmasını, həmçinin tibbi evakuasiyanı təmin edir. Onlar həmçinin əsgərlərə təhlükələri əvvəlcədən aşkar etməyə imkan verir və onların zirehləri qoşunları qorumağa kömək edəcək.

"Senator Rochel" zirehli hərbi maşınları 2019-cu ildə Ford F-550 ağır pikaplar əsasında yaradılmış, mühərriki 400 at gücünə malikdir. Onlar atıcı silahlardan, həmçinin mina və qumbaraatanlardan qorunmaq üçün nəzərdə tutulub. Desant bölməsinə 6-7 əsgər yerləşə bilər.

Bu texnika zirehli personal daşıyıcısı və ya piyadaların mobil maşını kimi sadə tapşırıqları yerinə yetirmək üçün istifadə edilə bilər. Zirehli avtomobil müxtəlif döyüş modulları, xüsusən də 7,62 mm-lik pulemyot, 12,7 mm-lik pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatanla təchiz oluna bilər.

Turan İSMAYIL