Litva-Belarus sərhədində növbəti insident

 19:29 10.08.2023     267

Belarusun Dövlət Sərhəd Komitəsi Litva sərhədçisinin ölkə sərhədini pozması barədə məlumat yayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, hadisə “Kotlovka” (Belarus) və “Lavorişkes” (Litva) keçid məntəqələri arasında baş verib.

“Litva Respublikasının Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidmətinin avtomobili 5 m-ə qədər məsafədə Belarus Respublikasının ərazisinə keçib, dönərək Litva Respublikasına qayıdıb” - sərhəd xidmətindən bildirilib.

Belarus tərəfi Belarus-Litva dövlət sərhədinin rejimi haqqında ölkələr arasında sazişin müddəalarına uyğun olaraq Vilnüs bölməsinin Litva sərhəd komissarını məlumatlandırıb.

Dövlət Sərhəd Komitəsi xatırladıb ki, bu, son vaxtlar buraxılış məntəqələrində ikinci qayda pozuntusudur. İyulun 13-də silahlı Litva sərhədçisi Medininkay keçid məntəqəsində vətəndaşları qeydiyyata alarkən Belarus sərhədini pozub. “Bu faktlar əsasında Belarus Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq icraat aparılır”, - deyə sərhəd idarəsindən bildirilib.

Turan İSMAYIL